İlham Əliyevin çıxışı texnoloji inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən proqram sənədidir - RƏY

Daxili siyasət
  • 04 noyabr, 2025
  • 17:19
İlham Əliyevin çıxışı texnoloji inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən proqram sənədidir - RƏY

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində söylədiyi dərin məzmunlu çıxış müasir dövrdə elmin, texnologiyanın və dövlət idarəçiliyinin vəhdətinin ən bariz nümunəsidir.

Bunu "Report"a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O hesab edir ki, bu çıxış yalnız keçilən elmi yolun qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək intellektual və texnoloji inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm proqram sənədidir:

"Prezident İlham Əliyevin nitqi sübut etdi ki, Azərbaycan dövlətinin gələcək dayanıqlı inkişafı bilik, elm və texnoloji innovasiyalara əsaslanacaq. Dövlət başçısı qeyd etdi ki, bu illər ərzində elm ölkənin sosial-siyasi inkişafında mühüm rol oynamış, Azərbaycan alimləri müxtəlif sahələrdə regionda önəmli elmi nailiyyətlərə imza atmışlar".

Deputat xatırladıb ki, Prezident çıxışında XXI əsrin əsas çağırışı olan süni intellekt və texnoloji transformasiya məsələlərinə xüsusi diqqət yetirdi:

Şahin Seyidzadə

"O bildirdi ki, bu gün dünya yeni bir mərhələyə – "Süni intellekt əsri"nə qədəm qoyur və Azərbaycan bu prosesdə fəal iştirak etməlidir. Dövlət başçısı qeyd etdi ki, süni intellekt təkcə texnoloji məsələ deyil, həm də milli inkişaf və təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyev qeyd etdi ki, "biz texnologiyaları qəbul edən yox, onları istehsal edən ölkəyə çevrilməliyik." Dövlət başçısının bu fikri elmi tədqiqatların tətbiqi yönümlü olmasının vacibliyini bir daha göstərir. Azərbaycan alimləri qarşısında duran əsas vəzifə süni intellekt və rəqəmsallaşma proseslərində milli maraqlara xidmət edən texnoloji həllərin işlənib hazırlanmasıdır. Bunun üçün elmi institutların, universitetlərin və özəl sektorun birgə fəaliyyəti vacib sayılır. Prezident İlham Əliyev bu istiqamətdə dövlətin dəstəyini davam etdirəcəyini bəyan edib".

Ş.Seyidzadə bildirib ki, dövlət başçısı nitqində elmin iqtisadiyyatla əlaqəsinin gücləndirilməsini prioritet məsələ kimi qeyd edib.

"Dövlət başçısına görə, elmin əsas dəyəri onun praktik nəticələr verməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, elm iqtisadi inkişafın sürətlənməsinə, ixrac potensialının artmasına, qeyri-neft sektorunun genişlənməsinə və dayanıqlı sosial rifahın təmin olunmasına xidmət etməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti