Ziya Rəcəbov: "Turan" voleybol komandasının hədəfləri böyükdür"

Komanda
  • 03 sentyabr, 2025
  • 11:24
Ziya Rəcəbov: Turan voleybol komandasının hədəfləri böyükdür
Ziya Rəcəbov

Tovuzun "Turan" voleybol komandası yeni yaradılsa da, hədəfləri çox böyükdür.

Bu barədə "Report"a bölgə təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov açıqlama verib.

O, klubun məqsədləri barədə danışıb: 

"Qarşıdakı Azərbaycan çempionatında finaladək irəliləmək istəyirik. Həlledici raunda vəsiqə qazanırıqsa, niyə çempion olmayaq? Bu, ilk mövsümdəki istəklərimizdir. Yerli mütəxəssisə etimad göstərdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm. Bu il yerli çempionatda yüksək nəticə göstərmək niyyətindəyik. Sonrakı ildə hədəflər daha da böyüyəcək, avrokuboklarda iştirak etməyi planlaşdırırıq". 

Mütəxəssis komandanın heyətinin artıq formalaşdığını söyləyib: "Yaxın günlərdə iki əcnəbi voleybolçunun transferi gözlənilir. Tanınmış oyunçular da var. Amma təqdimatdan sonra açıqlama verə biləcəyik. Yerlilərdən Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova və digər yığma üzvləri Ülkər Kərimova ilə Yuliya Kərimova da bizimlədir".

Z.Rəcəbovun sözlərinə görə, Tovuzda və digər bölgələrdə uşaq voleybolunun inkişafı üçün Azərbaycan Voleybol Federasiyası tərəfindən önəmli addımlar atılır:

"Turan" komandası da aşağı yaş qruplarına çox önəm verir. Bizim yaratdığımız Ziko Voleybol Akademiyasından da buraya oyunçular cəlb edilib. "Lokomotiv" və "Murov"dan da gənc oyunçular heyətə dəvət olunub. "Turan" komandasının yaxşı nəticə əldə etməsi üçün can qoyacağam. Çox gözəl kollektivimiz var. Hamımız hədəflərə çatmaq üçün çalışacağıq".