Maka Boçorişvili: İnzibati Məcəllənin sərtləşdirilməsi toplaşmaq azadlığını məhdudlaşdırmır
- 27 noyabr, 2025
- 02:58
İnzibati Məcəllənin sərtləşdirilməsi toplaşmaq və ifadə azadlığını məhdudlaşdırmır, Avropa Komissiyasının hesabatları isə Aİ-nin etibarını zədələyir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazir bildirib ki, İnzibati Məcəlləyə edilən dəyişikliklər ölkədə toplaşmaq və ifadə azadlığını məhdudlaşdırmır.
Verilişin aparıcısı qanunvericiliyə edilən dəyişikliklərlə bağlı sualında maska taxılması və yolun qanunsuz bağlanmasına görə inzibati məsuliyyətin sərtləşdirildiyini, bəzi hallarda cərimələrin inzibati həbslə əvəz olunduğunu və bunun Avropa Komissiyasının genişləndirmə hesabatında ifadə azadlığını pozan addım kimi qiymətləndirildiyini xatırladıb.
Maka Boçorişvili isə bildirib ki, bu qanunlar beynəlxalq təcrübəyə uyğundur və bir çox tərəfdaş ölkələr Gürcüstanda bu cür tənzimləmələrin indiyədək mövcud olmamasına təəccübləniblər.
"Reallığa tamamilə göz yuman Avropa Komissiyasının hesabatı əsassız nəticələrlə doludur və onu bələdçi sənəd kimi qəbul etmək çox çətindir. Bu, nə Gürcüstanın, nə də Avropanın maraqlarına xidmət edir. Hesabat Aİ-nin reputasiyasına və etibarlılığına xələl gətirir", - nazir deyib.
Nazir vurğulayıb ki, dəyişikliklər müxtəlif qrupların hüquqlarını balanslaşdırmaq üçün zəruri çərçivə yaradır: "Qanun ictimai asayişi qorumağa xidmət edir və daha çox insanın hüquqlarının pozulmaması üçün tədbirlər nəzərdə tutur. Biz ölkədə sabitliyə və təhlükəsiz ictimai mühitə xidmət edən qanunları qəbul etmişik və gələcəkdə də qəbul edəcəyik", - M.Boçorişvili bildirib.