Ermənistan Vaşinqton sammitindən sonra Bakı ilə qarşılıqlı əlaqələrin dinamikasını müsbət qiymətləndirir
- 09 oktyabr, 2025
- 15:14

Ermənistan avqustun 8-də Vaşinqtonda keçirilən liderlər sammitindən sonra müşahidə edilən Azərbaycanla qarşılıqlı əlaqələrin dinamikasını müsbət qiymətləndirir.
"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülh sazişini imzalamağa və onu mümkün qədər tez ratifikasiya etməyə hazır olduğunu təsdiq edir.
Nazir müavini vurğulayıb ki, Ermənistan regionda sülh və sabitlik şansı əldə edib: "Bu proses artıq başlayıb. Bundan əlavə, regionda bütün kommunikasiya marşrutlarının açılması imkanı yaranıb və ölkə bu istiqamətdə amerikalı tərəfdaşlarla birgə fəal şəkildə çalışır".
O qeyd edib ki, Ermənistan tərəfi sülh prosesinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid edir: "Biz avqustun 8-də baş tutan Vaşinqton görüşündən sonra müşahidə etdiyimiz ümumi dinamikanı müsbət qiymətləndiririk. Ağ Evdə səslənən bəyanatlar da bizim sabitlik və sülh dövrünə daxil olduğumuzu sübut edir".