Gürcüstanın XİN başçısı: Aİ ilə ən çətin məsələlər barədə danışmağa hazırıq
- 27 noyabr, 2025
- 02:24
Gürcüstan ən çətin məsələlər barədə danışmağa hazırdır və bu, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin normallaşmasına xidmət edəcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazirin sözlərinə görə, Avropa İttifaqının siyasətinin yanlış istiqamətləndirilməsi nə qədər çox ölkə tərəfindən dərk olunsa, Gürcüstanla dialoqun qaçılmaz olduğu o qədər aydın görünəcək. O bildirib ki, ölkə Avropa İttifaqı ilə dialoqa hazır olduğunu dəfələrlə nümayiş etdirib və ən mürəkkəb məsələlərin müzakirəsinə açıqdır.
XİN rəhbərinin sözlərinə görə, noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılmış insan haqları üzrə Gürcüstan - Aİ dialoqunun təxirə salınması barədə qərar Avropa İttifaqı tərəfindən verilib. Bu, proses üçün arzuolunan başlanğıc olmasa da, Gürcüstan dialoqu davam etdirməkdə maraqlıdır.
"Biz heç bir dialoqu dayandırmamışıq. Gürcüstan ən çətin məsələlər barədə danışmağa hazırdır və bu, Aİ ilə münasibətlərin normallaşmasına xidmət edəcək", - Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, görüşə hazırlıq prosesi artıq başlamışdı və müvafiq qurumlar ciddi şəkildə iş aparırdı. Lakin Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin bəzi nümayəndələrinin açıqlamaları dialoqu təşkil etmək niyyətinin olmadığını göstərib.
M.Boçorişvili həmçinin görüşün ləğvinə nümayəndə heyətinin tərkibinin səbəb olub-olmadığı ilə bağlı sualı cavablandırıb. O, bildirib ki, nümayəndə heyətinin formalaşdırılması yalnız Gürcüstan tərəfinin səlahiyyətinə daxildir:
"Nümayəndə heyətinin tərkibi ilə bağlı iradlar əsassızdır. Gündəliyi biz yox, Aİ müəyyən edib və heyət həmin mövzulara cavabdeh şəxslərdən formalaşdırılıb".
Nazir əlavə edib ki, Gürcüstanın heç bir vətəndaşı Aİ tərəfindən sanksiyaya məruz qalmayıb və belə bir qərar qəbul edilməyib. Eyni zamanda, Brüsseldə və Aİ ölkələrinin paytaxtlarında aparılan danışıqlar göstərir ki, üzv dövlətlərin böyük əksəriyyəti Gürcüstanla dialoqun vacibliyini anlayır və onun keçirilməsini gözləyirdi.