Gürcüstan Konstitusiya Məhkəməsinə bir sıra partiyaların ləğvi ilə bağlı iddia daxil olub

Region
  • 28 oktyabr, 2025
  • 16:04
Gürcüstan Konstitusiya Məhkəməsinə bir sıra partiyaların ləğvi ilə bağlı iddia daxil olub
Şalva Papuaşvili

Hakim "Gürcü Arzusu" partiyasını və iki parlament qrupunu təmsil edən deputatlar dövlət əleyhinə və antikonstitusion fəaliyyətlərdə iştirakı təsdiq edilmiş siyasi partiyaların qadağan edilməsi üçün Gürcüstan Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıblar.

"Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili brifinqdə bəyan edib.

"Biz "Vahid Milli Hərəkat", "Dəyişikliklər uğrunda" və "Güclü Gürcüstan - Lelo" partiyalarının qeyri-konstitusion elan edilməsinin tərəfdarıyıq", - o bildirib.

Ş.Papuaşvili qeyd edib ki, iddianın qaldırılmasına əsas müvəqqəti parlament istintaq komissiyasının rəyi olub. Bu komissiya müxtəlif siyasi qüvvələrin, ilk növbədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilmiş keçmiş hakim partiya "Vahid Milli Hərəkat"ın dövlətə və konstitusiyaya qarşı fəaliyyətləri məsələsini bir neçə ay ərzində araşdırıb.

Konstitusiya Məhkəməsi iddia ərizəsini təmin edəcəyi təqdirdə, qanunvericiliyi pozan siyasi partiyalara və ya onlarla əlaqəli şəxslərə seçkilərdə iştirak etmək qadağan olunacaq. Bu partiyaların üzvlərinə, həmçinin dövlət vəzifələrini tutmaq və yeni partiyalar yaratmaq qadağan ediləcək.

KİV qeyd edir ki, Konstitusiya Məhkəməsi iddia üzrə qərarı yaxın aylarda verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti