Giorgi Kalandarişvili: MSK seçkilərin yüksək peşəkar səviyyədə keçirilməsinə tam hazırdır
- 22 sentyabr, 2025
- 22:37

MSK seçkilərin yüksək peşəkar səviyyədə keçirilməsinə tam hazırdır.
"Report"un yerli bürosunun məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili qurumun qarşıdan gələn yerli idarəetmə orqanlarına seçkilərə hazırlığı ilə bağlı açıqlama verib.
G.Kalandarişvili bildirib ki, MSK maddi-texniki, inzibati və peşə hazırlığı baxımından seçkilərin yüksək peşəkarlıqla keçirilməsini təmin etməyə tam hazırdır.
Kalandarişvili seçki məntəqələrində tətbiq olunacaq səsvermə prosedurlarını da izah edib:
"Texnoloji vasitələrlə təchiz edilən məntəqələrdə bir bülletendə üç növ seçki keçiriləcək. Bu isə seçicinin bir bülletendə proporsional seçki, mer seçkisi və majoritar seçki üzrə iradəsini ifadə etməsi deməkdir. Ənənəvi bülletenlərdə də üç ayrı səsvermə olacaq", – MSK sədri qeyd edib.
Onun sözlərinə görə, qurumun operativ anbar məkanında səslərin hesablanması aparatlarının proqram təminatı və texniki diaqnostikası şəffaf şəkildə aparılır. Bu prosesi istənilən şəxs 24 saat canlı izləyə bilər.
Məlumata görə, ölkə üzrə ümumilikdə 3051 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 2284-ü elektron, 767-si isə ənənəvi qaydada təşkil olunacaq. Elektron məntəqələrdə səsvermə bir bülletenlə həyata keçiriləcək.