Gələn həftə Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
- 07 oktyabr, 2025
- 09:43

Oktyabrın 13-14-də Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək.
"Report"un Qazaxıstan bürosunun mənbəyə istinadən verdiyi məlumata görə, iclas Bakıda keçiriləcək.
Qeyd edək ki, Hökumətlərarası Komissiyasının 20-ci iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.
Komissiyanın həmsədri Azərbaycan tərəfindən energetika naziri, Qazaxıstan tərəfindən isə nəqliyyat naziridir.
İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin altı ayı ərzində 301,8 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Qazaxıstandan Azərbaycana əsas ixrac malları - buğda (101,6 milyon dollar), neft (66,2 milyon dollar), neft məhsullarıdır (8,7 milyon dollar).
Azərbaycandan Qazaxıstana əsas idxal malları - etilen polimerləri (1,3 milyon dollar) və digərləridir.
Bu gün Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 1 500 şirkət, Azərbaycanda isə Qazaxıstan kapitalı ilə təxminən 1 50 şirkət qeydiyyatdadır.
Qazaxıstan Milli Bankının məlumatına görə, 2005-2024-cü illər ərzində Azərbaycandan cəlb edilən investisiyaların həcmi 420,8 milyon dollar olub. Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi isə 156,1 milyon dollar təşkil edib.