Fərid Şəfiyev: TDT-nin regiondakı nüfuzu artan xətlə inkişaf edir
- 29 sentyabr, 2025
- 09:20

Türk Dövlətləri Təşkilatının (TDT) regiondakı nüfuzu daim artan xətlə inkişaf edir.
"Report" xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə təşkilatın nüfuzu artmaqdadır: "TDT regionda sülh və əməkdaşlığa xidmət edir. Təşkilat daxilində əməkdaşlıq və bərabərhüquqluq prinsipi özünü göstərir".
F.Şəfiyev bildirib ki, bəzi beynəlxalq təşkilatlarda ciddi islahatlara ehtiyac var, müəyyən boşluqlar özünü göstərir. TDT bu boşluğu doldurmağa qadirdir.
Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir.
"Report" xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışı zamanı deyib.
O əlavə edib ki, artıq bölgəyə maraq göstərən xarici güclər tək bir dövlətlə deyil, dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalır.
"Bəzi fərqliliklərə baxmayaraq, Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də "parçala və hökm sür" məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDT çərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli, xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik", - BMTM sədri vurğulayıb.
F.Şəfiyev xüsusilə son beş ildə regionda baş verən geosiyasi və geoiqtisadi proseslərdə TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqət və marağın artmasına diqqət çəkib: "Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik".
Sədr Azərbaycanın hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verdiyini vurğulayıb: "Prezident İlham Əliyev TDT ilə əməkdaşlığı və təşkilatın gücləndirilməsini Azərbaycan xarici siyasətinin prioriteti kimi müəyyən etmiş, "Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur" ifadəsi ilə bölgədəki digər təşkilatlara da mesaj vermişdir".