Ermənistanda narkotik ticarətinə görə 20-dən çox şəxs həbs edilib
- 03 oktyabr, 2025
- 16:50

Ermənistanda hüquq-mühafizə orqanları narkotikin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə məşğul olan xarici vətəndaşlardan ibarət qruplaşmanı ifşa ediblər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu iş üzrə artıq 22 nəfər həbs edilib.
Qruplaşmanın fəaliyyəti çərçivəsində 2022-ci ildən 2025-ci ilə qədər Ermənistan vətəndaşı A.G.-nin, onun həyat yoldaşının və qayınatasının bank kartlarına müxtəlif şəxslər tərəfindən 4,5 milyard dram (11 milyon dollardan çox) köçürülüb. Daha sonra pul vəsaitləri müxtəlif banklarda və kredit təşkilatlarında dollara çevrilib.
Sonradan cinayətkar qrupun üzvləri pul vəsaitlərini öz aralarında bölüşdürüb. "2022-2025-ci illər ərzində demək olar ki, hər gün onlardan biri sərhədi (ehtimal ki, Gürcüstanla) keçib. Orada onlar narkotiklərin qanunsuz dövriyyəsində əli olan şəxslərə nağd pul veriblər", - məlumatda qeyd edilib.
Ermənistan vətəndaşı olan üç nəfər barəsində çirkli pulların yuyulması faktı üzrə ayrıca iş açılıb. Onların hesabları və əmlakına həbs qoyulub. İş prokurora göndərilib