Ermənistan və Livanın XİN başçıları Vaşinqton razılaşmalarını müzakirə ediblər
- 25 sentyabr, 2025
- 00:26

Sentyabrın 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda Livanın xarici işlər və miqrantlar naziri Yusif Raci ilə görüşüb.
"Report"un xəbərinə görə, bu barədə "Armenpress" Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentinə istinadən məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Livan arasında ikitərəfli əməkdaşlığı iki xalq arasında ənənəvi dostluq münasibətlərinə uyğun olaraq inkişaf etdirməyə hazır olduqlarını vurğulayıblar.
Mirzoyan və Raci regiondakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Ermənistan xarici işlər naziri avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ ilə əldə edilmiş razılaşmaların təfərrüatlarını (Ermənistanla Azərbaycan arasında bəyannamə, həmçinin sülh və diplomatik münasibətlərin qurulması haqqında sazişin paraflanması və s.) təqdim edib, onların əsas təməl prinsiplərini, həmçinin "Trampın Beynəlxalq Sülh və firavanlıq üçün marşrutu" (TRIPP) proqramının həyata keçirilməsi nəticəsində yaranacaq yeni imkanları vurğulayıb.
Görüşdə Yaxın Şərqdə baş verən son hadisələrə də toxunulub.