Avropa komissarı: Cənubi Qafqaz və Türkiyə vasitəsilə regionlararası əməkdaşlıq proqramı hazırlayırıq
- 19 sentyabr, 2025
- 17:33

Avropa İttifaqı (Aİ) Avropanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiya ilə birləşdirən regionlararası əməkdaşlıq proqramının hazırlanması üzərində səylə çalışır.
"Report"un verdiyi məlumata görə, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla birgə mətbuat konfransında bildirib.
M.Kosun sözlərinə görə, Cənubi Qafqaz ilk dəfə regiona sülhü gətirmənin mümkün olduğu tarixi bir dövr yaşayır.
"Region dərin transformasiyadan keçir və üç onillik ərzində ilk dəfə olaraq Cənubi Qafqazda sülhün bərqərar olması üçün real imkan yaranıb. Mən məhz buna görə bu gün buradayam. Sülhün bərqərar olması perspektivi ticarət yollarının açılması üçün imkanlar yaradır", - Avropa komissarı bildirib.
O, bu anı dəyərləndirərək rabitə, nəqliyyat, enerji və rəqəmsallaşmaya sərmayə qoymağın vacibliyini vurğulayıb:
"İndi həm də sülhə sərmayə qoymaq vaxtıdır. Bəzən iqtisadi münasibətlər, ticarət, ümumiyyətlə əməkdaşlığımız haqqında danışarkən, sülh içində yaşamağın nə qədər vacib olduğunu unuduruq".