Amerikalılar Zəngəzurda: dəhlizin Mehridən keçən hissəsi bu tarixdə inşa ediləcək
- 09 oktyabr, 2025
- 23:37

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Report" xəbər verir ki, "Kopenhagen görüşü: Əliyev–Paşinyan masasında nə danışıldı?" adlı süjetdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Polşa telekanalına Zəngəzur dəhlizi ilə bağlı müsahibəsinin detallarından bəhs olunur.
Onun sözlərinə əsasən, Zəngəzur dəhlizi ilə bağlı texniki məsələlər yaxın aylarda başa çata və layihənin Mehridən keçəcək hissəsində inşa işləri başlana bilər. Prinsiplər razılaşdırılıb, indi amerikalılarla texniki parametlər müəyyən edilməlidir. Tikintiyə başlanılacaq və mütəxəssislər dəmir yolu layihəsinin ən azı iki il çəkəcək.
Qeyd olunur ki, son vaxtlar Bakı-İrəvan xəttində dəhliz terminologiyası ilə bağlı ritorik qarşıdurmanın yaşanması diqqət çəkir: "Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə, BMT Baş Assambleyasının 80-ci sessiyasında, AŞPA-nın iclasında, eləcə də Avropa Siyasi Birliyinin 7-ci zirvə iclasının keçirildiyi Kopenhagendə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Ümumiyyətlə, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinə verəcəyi töhfədən danışır, Nikol Paşinyan isə "Zəngəzur dəhlizi ritorikasının əldə olunan sülh atmosferinə uyğun olmadığı" iddiasını irəli sürür".
Diqqətə çatdırılır ki, Zəngəzur dəhlizi termininə görə ritorik müstəvidə mübahisələr müşahidə edilsə də, praktiki müstəvidə işlərin razılaşmaya uyğun davam etdiyi görünür: "Artıq ABŞ-ın nümayəndə heyəti Zəngəzur dəhlizi ilə bağlı texniki məsələləri müzakirə etmək və razılaşdırmaq üçün Ermənistana gəlib. Hazırda dəhlizin inşası ilə bağlı müəyyən işlər başlanıb".
Vurğulanır ki, Zəngəzur dəhlizinin işə düşməsindən sonra Qərbi Azərbaycan torpaqlarına sərbəst daxil olmaq imkanı yaranacaq: "Azərbaycanın hədəfləri dəyişməyib. Güclü Azərbaycan qayıdış daxil olmaqla, bütün hədəflərinə nail olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 8-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

