Nağıllar aləminə bənzəyən Laçın: Buranı gəzərək illərin həsrətinə son qoymağa çalışıram - REPORTAJ
- 04 noyabr, 2025
 - 14:38
 
                            
                            
                        Yolumuz işğaldan azad edilən Laçın şəhərinədir.
"Report" Laçında Nəcəfovlar ailəsinin qonağı olub, reportaj hazırlayıb.
Ailənin başçısı İsgəndər Nəcəfov deyir ki, Laçına qayıdacağı ilə bağlı ümidini heç vaxt itirməyib:
"Xoşbəxtliyin ən üstün səviyyəsi Laçında olmağımızdır. 23 yaşımda Laçından çıxmaq məcburiyyətində qalmışam və ailəli idim. Mən burdan ağlaya-ağlaya çıxmışdım. Amma bu 30 ildə heç ümidsiz olmadım. İnanırdım ki, qayıdacağıq. Qurban olum Allaha, ümidlərim doğruldu və biz qayıtdıq".
O bildirib ki, hazırda usta kimi fəaliyyət göstərir.
"Laçındakı evlərin demək olar 90 faizində olmuşuq. Hansı evə giririk deyirlər ki, şükür Allaha evimizdə, torpağımızdayıq. Güclü ordumuzun və Müzəffər Ali Baş Komandanımızın sayəsində biz bunu bacardıq. 44 günlük müharibədə ordumuzun qüdrəti, səsi-sorağı dünyaya yayıldı", - o deyib.
Laçın sakini, evin xanımı Könül Nəcəfova Laçının hər qarışını gəzərək illərin həsrətinə son qoymağa çalışdığını vurğulayır:
"Laçında doğulub-böyüyüb, burda ailə qurmuşam. Buranı tərk edəndə qızım yaş yarımlıq idi. İndi onun uşaqları, nəvələrimlə bura qayıtmışam. Laçını gəzərək illərin həsrətinə son qoymağa çalışıram. Hər daşına, nöqtəsinə diqqətlə baxıram, cansız əşyalar da sanki adamı çağıraraq, gəl məni də gör deyir. Biz bura ilk köçdə gəlmişik. Atamla tərk edib, atamsız qayıtmışam. O Laçın həsrəti ilə vəfat etdi. Amma indi ruhu şaddır. Çünki biz burdayıq. Hər gəzəndə onun ruhunu yanımda hiss edirəm".
İ.Nəcəfovun oğlu Emil Nəcəfli bu gün azad Laçında oğul böyüdür:
"Bəziləri düşünürdü ki, Laçına gələnlər ancaq yaşlılardır, amma elə deyil, köçən nə qədər gənc ailələr var, onlardan biri də bizik. Çox xoşbəxtik ki, övladımızı öz ata yurdumuzda, Laçında böyüdürük və burada çalışırıq".
E.Nəcəflinin həyat yoldaşı Gilə Nəcəfli Laçın şəhər 2 nömrəli tam orta məktəbdə işləyir:
"Şagirdlərimizin sayı çoxdur. Laçın çox gözəldir, hər gəzəndə yeni bir yer kəşf edirəm. Çox şükür bu günlərə, burda yaşadığım üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm".