Özbəkistan nümayəndəsi: Türk dünyası üçün ortaq media platformasının yaradılmasına ehtiyac var

Media
  • 19 dekabr, 2025
  • 13:06
Özbəkistan nümayəndəsi: Türk dünyası üçün ortaq media platformasının yaradılmasına ehtiyac var

Hazırda Türk dünyası üçün ortaq media platformasının yaradılmasına hər zamankından daha çox ehtiyac var.

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərindən fərqli-fərqli mövzularda Türk dünyasına qarşı yönəlmiş dezinformasiya yayılır:

"Yəni manipulyasiyalar var, aramızı poza biləcək, siyasi və diplomatik münasibətlərə təsir göstərə biləcək məlumatlar ötürülür. Bunlara qarşı cavablı və möhkəm dayana bilməyimiz üçün belə bir platformaya ehtiyac var. Lazım gələrsə, dövlət, prezidentlər səviyyəsində bu cür bir təşəbbüsün irəli sürülməsi həm dezinformasiya ilə mübarizədə, həm də etibarlı rəsmi məlumat əldə etmək baxımından son dərəcə önəmlidir".

X.Djumaev bunun bir televiziya kanalı yaxud radio, sosial media platforması ola biləcəyini qeyd edib:

"Yəni Türk dünyası dövlətlərinin hər birinin müəyyən vaxt çərçivəsində həmin platformaya məlumat yerləşdirməsini təmin etmək lazımdır. Bu həm bizə təsir edən, kənardan gələn təhlükəli informasiyalara qarşı durmaq, həm də Türk dünyasının səsini yüksəltmək baxımından çox vacibdir. Eyni zamanda, universitetlərimizin ortaq jurnalistlər yetişdirən, birgə təhsil verən məktəblər, kurslar və proqramlar təşkil etməsi də bu sahədə çox gözəl nəticələr verə bilər".

Özbəkistan nümayəndəsi, həmçinin, Azərbaycanın mahnı və seriallarının ölkədə çox maraqla qarşılandığını da xüsusi vurğulayıb:

"Azərbaycanda yayımlanan "Namus" adlı serial Özbəkistanda çox böyük maraqla izlənilir. Bu bizi əlbəttə, sevindirir. Çünki ortaq mədəniyyətimiz var. Məsələn, Azərbaycan dilindəki mahnılar bizim toylarımızda da səslənir. Füzuli, Nizami Gəncəvi kimi böyük söz ustadlarının əsərlərini biz də sevə-sevə oxuyuruq. Ona görə də Azərbaycan media sahəsində belə bir informasiya mübadiləsi aparmaq, dostluğumuzu daim gücləndirmək təkcə iki dövlət üçün deyil, bütün Türk dünyası üçün çox böyük faydalar verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti