"Euronews"un təlimçisi: Ümid edirəm ki, azərbaycanlı jurnalistlərdən də nəsə öyrənəcəm

Media
  • 11 noyabr, 2025
  • 10:22
Euronewsun təlimçisi: Ümid edirəm ki, azərbaycanlı jurnalistlərdən də nəsə öyrənəcəm

"Euronews"un Astana bürosunun rəhbəri, "Euronews Academy"nin təlimçisi Boyan Brkiç Azərbaycanda keçəcəyi təlim proqramı zamanı azərbaycanlı jurnalistlərdən də nələrsə öyrənəcəyinə ümidli olduğunu deyib.

"Report" xəbər verir ki, bu barədə o, "Euronews Academy" təlim proqramının açılış mərasimində jurnalistlərə açıqlaması zamanı danışıb.

"Bakıda olduğuma görə çox xoşbəxtəm. Mən bu gün "Euronews"un strateji fəaliyyətində iştirak edirəm. Bu fəaliyyət bizim strateji tərəfdaş hesab etdiyimiz ölkələrlə, məsələn, Azərbaycanla bilik, təcrübələr və "know-how" mübadiləsini əhatə edir. Buraya gənc həmkarlarımla - azərbaycanlı jurnalistlərlə - görüşməyə, onlara "Euronews"da və ümumilikdə Avropada işlərin necə aparıldığını izah etməyə gəlmişəm. Amma heç vaxt iddia etmirik ki, biz bunu daha yaxşı edirik, sadəcə bəzən fərqli şəkildə edirik".

B.Brkiç bundan əvvəl də Azərbaycana bir neçə dəfə səfər etdiyini, ancaq təlim vermək üçün ilk dəfə gəldiyini vurğulayıb:

"Bu, Bakıya ilk gəlişim deyil, amma bu cür media təlimi üçün ilk dəfədir. Ümid edirəm ki, iştirakçılar verəcəyim məlumatlarda maraqlı bir şey taparlar. Biz əsas xəbərlərin hazırlanması, televiziya formatına uyğunlaşdırılması barədə danışacağıq. Amma eyni zamanda, təlim iştirakçılarından da nəsə öyrənməyi səbirsizliklə gözləyirəm. Çünki indiyədək keçirdiyim bu cür təlimlər sayəsində daha yaxşı jurnalist və təcrübə baxımından daha zəngin bir insan olmuşam. Ona görə də ümid edirəm ki, azərbaycanlı jurnalistlərdən də nəsə öyrənəcəm. Çünki biz təcrübə və bilik mübadiləsi edirik, mən onlara nə etməli olduqlarını diktə etmirəm".

Son xəbərlər

Bütün Xəbər Lenti