Bora Bayraktar: Media Mükəmməllik Mərkəzi strateji kommunikasiyalarda imkanları genişləndirəcək
- 21 noyabr, 2025
- 13:04
D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması iştirakçı ölkələrin media əməkdaşlığının gücləndirilməsi və strateji kommunikasiya sahəsində kollektiv imkanlarının genişləndirilməsi üçün mühüm addım olacaq.
"Report"un məlumatına görə, bunu Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhranların İdarə edilməsi Departamentinin rəhbəri, dosent Bora Bayraktar Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunda bildirib.
O, forumun keçirilməsinə görə Azərbaycana təşəkkür edib və ölkənin D-8 ailəsinə qoşulmasının əhəmiyyətini vurğulayıb. B.Bayraktarın sözlərinə görə, müasir kommunikasiya mühiti sürətlə dəyişir: rəqəmsal texnologiyalar gündəlik həyata sürətlə daxil olur, müharibələr, böhranlar və qeyri-müəyyənliklər kimi qlobal çağırışlar isə milli sərhədlərdən kənarda kommunikasiyaların zəruriliyindən xəbər verir.
"Biz əminik ki, D-8 Media Mükəmməllik Mərkəzi media sahəsində əməkdaşlığımızı gücləndirəcək və strateji kommunikasiyalarda kollektiv imkanları artıracaq. Türkiyə Mərkəzin formalaşmasında təcrübəsini bölüşməyə və beynəlxalq koordinasiyanı dəstəkləməyə hazırdır", - B.Bayraktar deyib.
O, D-8 Media Forumunun ölkələr arasındakı qardaşlıq və tərəfdaşlıq ruhunu informasiya və kommunikasiya sahəsində konkret nailiyyətlərə çevirəcəyinə ümidvar olduğunu bildirib.