Azərbaycanlı jurnalistlər Xivədə turizm kompleksini ziyarət ediblər
- 04 noyabr, 2025
- 16:47
Azərbaycanın media nümayəndələri Özbəkistana səfər çərçivəsində Xivə şəhərində "Arda Khiva" turizm kompleksini ziyarət ediblər.
"Report"un məlumatına görə, kompleks qədim şəhərin müasir mərkəzlərindən biridir.
O, Xivənin tarixi hissəsinin yaxınlığında yerləşir və özündə ənənəvi Özbəkistan memarlığını və müasir trendləri birləşdirir.
Burada turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb - mehmanxana və milli mətbəx restoranlarından tutmuş istirahət zonalarına qədər.
Səfər zamanı jurnalistlər kompleksin infrastrukturu ilə tanış olublar, turizmin inkişafı üzrə həyata keçirilən layihələr və xarici qonaqların cəlb edilməsinə dair planlar barədə məlumat alıblar. Kompleksin nümayəndələri vurğulayıblar ki, regionun mədəni irsinin qorunmasına, eləcə də Xivənin daxili və beynəlxalq turizm üçün unikal istiqamət kimi populyarlaşdırılmasına xüsusi diqqət yetirilir.