Azərbaycan-Gürcüstan Media Forumunda jurnalistlərin peşəkarlığının artırılması müzakirə olunub

Media
  • 05 dekabr, 2025
  • 13:27
Azərbaycan-Gürcüstan Media Forumunda jurnalistlərin peşəkarlığının artırılması müzakirə olunub

Azərbaycan-Gürcüstan Media Forumunda "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzusunda panel sessiya keçirilib.

"Report" xəbər verir ki, panelə Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib.

Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın "PosTV" telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər.

Gia Abaşidze

MEDİA-nın deportament direktoru Ləman İsgəndərova media savadlılığının artırılması haqqında danışıb. O qeyd edib ki, 2022-ci ildən etibarən media savadlılığı konfransları keçirilir:

"Reaktiv strategiyalar, informasiya təhlükəsizliyinin təmin olunmasında müxtəlif koordinasiya və operativ tədbirlər, qanunvericilik təşəbbüsləri, eləcə də texnologiyaların inkişafı ilə süni intellekt vasitəsilə yaradılmış məzmunların aşkarlanması kimi alətlər mövcuddur. Bunlar effektivdir, lakin tam və qəti şəkildə kifayət etmir. Çünki dezinformasiyanın əsas hədəfi cəmiyyətdə, xüsusilə də həssas istifadəçi qrupları arasında çaşqınlıq yaratmaqdır. Problemin həlli isə uzunmüddətli və proaktiv strategiyalardan keçir. Bu strategiyaların əsasını media savadlılığının artırılması təşkil edir. Media savadlılığı informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və tənqidi qiymətləndirilməsi bacarıqları deməkdir".

Ləman İsgəndərova

Onun sözlərinə görə, Azərbaycanda media savadlılığının tədrisi və təbliği zamanı formal və qeyri-formal təhsil üsullarından istifadə olunur:

"Ən effektiv istiqamət bu bacarıqların formal tədrisə inteqrasiyasıdır və bununla bağlı müvafiq addımlar atılır. Qeyri-formal təhsildə isə məqsəd bütün həssas istifadəçi qruplarını əhatə etməkdir. Bu çərçivədə indiyədək 25 rayon və şəhərdə 3 minə yaxın vətəndaş əhatə olunub. Uşaqların inkişafına dair strategiyada da media savadlılığı üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə hansı fənn və siniflərdə daha effektiv inteqrasiya modelinin tətbiq oluna biləcəyi araşdırılır. Eyni zamanda, şagirdlər tərəfindən hansı metodoloji yanaşmaların daha yaxşı mənimsənildiyi təhlil edilir".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, jurnalistika fakültələrində tədris edilən Media savadlılığı proqramı orta məktəb səviyyəsində də tədrisə daxil edilməlidir:

"Orta məktəblərdə bir sıra fənlərə media savadlığı elementlərinin inteqrasiyası mümkündür. Jurnalist olaraq kifayət qədər maraqlı prosesin içərisindəyik. Hesab edirəm ki, cəmiyyətin media savadlılığının artırılmasında geniş bir proqramın hazırlanmasına ehtiyac var".

Vüqar Zifəroğlu

Moderator Vəfa İsgəndərova jurnalist həmkarının fikrinə əlavə olaraq qeyd edib ki, MEDİA orta məktəblərdə müəllimlər və şagirdlər üçün təlimlər keçirir:

"Nəzərə almalıyıq ki, bəzən hətta informasiya savadı olan şəxslər və medianın manipulyasiyasına məruz qala bilirlər. Buna görə media savadlılığı istiqamətində addımların çox olması əhəmiyyətlidir".

Gürcü professor Maia Paçkoriyanın fikrincə, hazırda dezinformasiya, media manipulyasiyası ciddi təhlükədir:

"Çünki jurnalist tarixi prosesləri, faktları düzgün izah etməyə borcludur, əks halda cəmiyyəti səhv yönləndirə bilər.

Hazırda aqressiv media təbliğatı, saxtakarlıq və manipulyasiya bizim ölkələr üçün çox təhlükəlidir. Ona görə də biz məhz intellektual inkişaf uğrunda çalışmalıyıq".

Maia Paçkoriya

Onun sözlərinə görə, təhsil sistemi, media məktəbləri, universitetlərin jurnalistika fakültələri bunu ilk nəzərə alanlar olmalıdır:

"Biz görürük ki, bəzi media məktəblərində vəziyyət yaxşı deyil. Buna görə də biz dərslərə çağırırıq, tarix xronikalarını öyrədirik. Əsas səviyyədə siyasi və müasir texnologiyalara dair biliklər veririk. İnformasiya hər jurnalistin əsas silahıdır. İnsan məlumatlı olanda, siyasi-tarixi prosesləri düzgün qavrayanda, o, manipulyasiya olunmur və cəmiyyət üçün daha sağlam mövqe ortaya qoyur".

Panel müzakirələr və sual-cavabla davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti