Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib
- 31 oktyabr, 2025
- 18:30
 
                            
                            
                        Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə oktyabrın 30-da Avstriyanın paytaxtı Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası olub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, əvvəlcə mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dahi bəstəkarın Vyananın Dunay parkında qoyulmuş abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyub. Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu mövqedən danışıb.
M.Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.
Daha sonra tamaşa nümayiş olunub. Alman dilində təqdim edilən tamaşa tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnakın bədii rəhbərliyi altında tamamilə yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə rəssamı və vizual elementlərin dizayneri Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim, xoreqrafı Suzanne Rietsdir.
Səhnə əsərini Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media mənsubları, musiqisevərlər və bu ölkədəki soydaşlarımız izləyiblər.
Hadisələri müasir dövrə köçürülərək hazırlanan 112 yaşlı musiqili komediya sürəkli alqışlarla qarşılanıb.
Tamaşa "Akzent" Teatrında oktyabrın 31-də və noyabrın 2-də də nümayiş etdiriləcək.
Xatırladaq ki, vyanalı sənətsevərlər Üzeyir bəyin bu sənət şedevri ilə ilk dəfə 2006-cı tanış olublar.
 
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
             
            