Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir
- 01 noyabr, 2025
- 00:06
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Qaçaq Nəbi öz dəstəsi ilə kəndimizdəki kahada yaşayıb" adlı veriliş Zəngəzur mahalının, Gorus rayonunun Şamsız kənd sakini Müzəffər Qəhrəmanovun həyat hekayəsinə həsr olunub.
O, 1953-ci ildə kolxozçu ailəsində doğulduğunu, uşaqlıq, məktəb illərinin yaddaqalan olduğunu deyib: "Ermənilərlə qonşuluqda yaşayırdıq. Asudə vaxtlarımızda futbol oynayar, həmişə qalib gəlirdik, lakin dava olurdu. Meşədən lobya çubuğu, odun yığır, ermənilərə satırdıq. Kəndimiz Kəpəz dağının ətəyində yerləşirdi. O vaxtlar Daşbaşı deyilən yerdə Qaçaq Nəbi öz dəstəsi ilə kahada yaşayırmış. Oradan Kəpəz pirinə qədər yeraltı lağım atılmışdı. Qədim qəbirlərin üstündə Azərbaycan adları ərəb dilində yazılmışdı".
Onun sözlərinə görə, həmin vaxt bütün mağazaları ermənilər işlədirdi: "Biz alver edəndə pis baxırdılar. Onlara pislik etmirdik. Amma alçaq hərəkətlərini də heç vaxt bağışlamırdıq. Yeri düşəndə onlardan əvəz çıxırdıq. Bizim kənddə erməni olmayıb. Rəhmətlik atam deyirdi ki, ermənilər çox nankordur. Qaynar samovarı qadınların belinə bağlayıb, üzərlərinə it fısqırdırdılar. Ermənilərin belə vəhşilikləri olub".
Şamsız sakini bildirib ki, ermənilər 1988-ci ildə qanlı hadisələr törədib, azərbaycanlıları incidib, mal-heyvanları oğurlayıb aparıblar: "Bizdə odlu silah yox idi. Amma onların odlu silahları var idi, arxalarında milis dayanmışdı. Görusun, Qafanın milisi onlara işləyirdi. Deportasiya başlayanda gecə ikən mal-qaramızı apardılar. Dedilər, getməlisiniz, bura bizimdir. Kəndin əhalisinin 70 faizi Qubadlıya getdi. Heç nə götürmədik. Əynimizdəki paltarla qaçdıq ki, canımız salamat olsun. Qubadlıda bizə dayaq oldular, məskunlaşdıq. Bir müddət sonra Sumqayıta gəldik, eşitdik ki, ermənilər Qubadlını da işğal ediblər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.