Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub - YENİLƏNİB

Mədəniyyət
  • 09 oktyabr, 2025
  • 14:53
Pakistanda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr edilən kitab təqdim olunub - YENİLƏNİB

Pakistanın Milli Assambleyasında Vətən müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Milli Assambleyanın Vitse-spikeri Syed Ghulam Mustafa Şahın, Pakistanın federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, habelə Pakistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri, milli assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ictimaiyyətinin tanınmış üzvləri, tarixçi-alimlər, QHT və KİV nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın növbəti təxribatına cavab olaraq, Silahlı Qüvvələrinimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq zəfər çaldığını dinləyicilərin diqqətinə çatdırıb.

Bununla yanaşı diplomat, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa etdiyini vurğulayarq, 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" olaraq elan edildiyini qeyd edib.

O, Pakistan vətəndaşları üçün daha da əlçatan olması məqsədilə urdu dilinə tərcümə etdirilmiş sözügedən kitabın gələcək mərhələlərdə Azərbaycanın şanlı tarixi ilə bağlı elmi tədqiqatlar üçün önəmli mənbə rolunu oynayacağını deyib.

Kitabın nüsxələri tədbirdə iştirak edən qonaqlara, o cümlədən Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilmiş və bu ölkənin beyin mərkəzlərinə, Milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.

Sayad Həsənli

Bu gün Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) binasında Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən bəhs edən "Vətən müharibəsi tarixi: şəxsiyyət amili" kitabının təqdimatı keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Milli Assambleyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, tədbir Azərbaycanın İslamabaddakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

"Təqdimatda yüksək vəzifəli xarici qonaqlar, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, deputatlar, həmçinin Milli Assambleya Katibliyinin əməkdaşları iştirak edəcəklər", - məlumatda bildirilib.

Əvvəllər bildirildiyi kimi, kitab Bakı Şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti