"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı keçirilib
- 08 sentyabr, 2025
- 15:43

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və "EkoSfera" Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı baş tutub.
"Report" xəbər verir ki, festival çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və mədəni əhəmiyyəti ilə yaxından tanış olublar.
Yerli şeflərin təqdimatında keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər nümayiş etdirildi və dadım nümunələri təqdim olunub. Festivalın şef arenaları bölməsində İçərişəhərdə fəaliyyət göstərən "Shakh Garden", "Qəbələ", "La Quzu", "Pendir Çörək", "Çay bağı 145" restoranlarının peşəkar aşpazları tərəfindən əncir əsaslı yeməklərin hazırlanması nümayiş etdirilib və mətbəx həvəskarlarına praktiki məsləhətlər verilib.
Tədbir çərçivəsində qadın sağlamlığına dair xüsusi müzakirə paneli təşkil edilib. Uşaqlar üçün isə "Nənənin nağılları" adlı xüsusi proqram həyata keçirilib. Qədim Abşeron nağılları balaca ziyarətçilərə nəql olunub, regionun zəngin folkloru və mədəni irsi tanıdılıb. "Müdriklik Ağacı" və meditasiya guşəsi də festivalın diqqətçəkən məkanlarından biri olub.
Festivalın sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkilib, bu da tədbirin davamlılıq və təbiətə töhfə prinsiplərinə sadiqliyini nümayiş etdirib.