İƏT Mədəniyyət Festivalı çərçivəsində Yaradıcı Kənd sərgisi təşkil olunacaq
- 05 dekabr, 2025
- 11:06
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025"də İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yaradıcı Kənd sərgisi təşkil olunacaq.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2025-ci il dekabrın 5-11-də Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025" çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, İƏT-in mədəniyyət festivalı çərçivəsində keçirilən tədbir böyük qrafiklə təşkil olunacaq:
"Bu sahədə çalışan şirkətləri, təsisatları aktiv olmağa çağırırıq. Prezident İlham Əliyevin siyasəti nəticəsində mədəni-yaradıcı sənayenin formalaşması mühüm hadisədir. Bu sahədə iki il ərzində böyük islahatlar aparılıb. Biz istəyirik ki, bu təcrübəni digər ölkələrlə də bölüşək. Tədbirdə yeni innovasiyalara xüsusi diqqət yetiriləcək. Tədbir zamanı mədəni-yaradıcı sənayelərin təşkili forumunun və forumun nəzdində kino sərgisi, eləcədə İƏT-ə daxil olan ölkələrin Yaradıcı Kənd sərgisinin təşkili nəzərdə tutulur".
R.Əzizovun sözlərinə görə, tədbir dünyada böyük maraq doğurub:
"Artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir. Bir həftə ərzində çox zəngin proqram nəzərdə tutulur. Kino festivalı çərçivəsində bir sıra ölkələrin kino sərgisi keçiriləcək. Nizami Kino Mərkəzi ənənəvi olaraq əsas rolda çıxış edir. Tədbirin əsas məkanı Bakı Konqres Mərkəzidir. Həftə ərzində müvafiq kinoteatrlarda bir sıra yeni növ tədbirlər də təşkil olunacaq".