"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini "BBB-" səviyyəsində təsdiq edib

Maliyyə
  • 05 dekabr, 2025
  • 15:50
Fitch Cənub Qaz Dəhlizinin reytinqini BBB- səviyyəsində təsdiq edib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" (CQD) QSC-nin emitentin uzunmüddətli defolt reytinqini "BBB-" səviyyəsində təsdiqləyib, proqnoz "Sabit"dir.

"Report" xəbər verir ki, bu barədə "Fitch"in məlumatında deyilir.

"Fitch"in hökumətlə əlaqəli təşkilatlar üçün müəyyən etdiyi meyarlara əsasən, CQD-nin reytinqi onun yekun sahibi olan Azərbaycanın reytinqinə (BBB-/"Sabit") bərabər tutulur ki, bu da "Cənub Qaz Dəhlizi"nin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təmin olunduğunu əks etdirir. "Biz bu vəziyyətin proqnoz dövrü ərzində davam edəcəyini gözləyirik", - məlumatda bildirilir.

Agentlik qeyd edir ki, şirkətin "BBB-" səviyyəsində kredit reytinqi yüksək pul axını, qazın nəqli üzrə uzunmüddətli müqavilə biznesinin proqnozlaşdırılması mümkünlüyü, fəaliyyətin böyük miqyası və çox güclü maliyyə profili ilə şərtlənir.

"Fitch Ratings"in analitikləri qeyd edirlər ki, CQD-nin reytinqi hasilat seqmentində qiymət dəyişkənliyi, "Şahdəniz" qaz-kondensat yatağının təbii tükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə kontragent riski və əməliyyat mühiti ilə məhdudlaşır.

"Azərbaycan hökuməti şirkətin strateji qərarlarına və maliyyə profilinə əhəmiyyətli təsir göstərir, etibarlı nəzarət nümayiş etdirir. 2014-cü ildə dövlət təxminən 2,4 milyard ABŞ dolları kapital yatırıb, Azərbaycan Dövlət Neft Fondu isə CQD-nin 2024-cü ildə ödənilmiş 2,5 milyard ABŞ dolları məbləğində istiqrazlarını alıb", - məlumatda qeyd olunur.

Agentlik həmçinin CQD-dəki payın Əbu-Dabi Milli Neft Şirkətinin investisiya platforması olan XRG şirkətinə mümkün satışından sonra CQD-nin reytinqinin dəyişməz qalacağını gözləyir. "Fitch Ratings"in ekspertləri hesab edirlər ki, dövlət bu sövdələşmədən sonra da CQD üzərində nəzarəti qoruyub saxlayacaq.

"Biz hesab edirik ki, Azərbaycan CQD-də nəzarət və qərar vermək hüququnu qoruyub saxlayacaq. Tərəflər layihələrin gücünü artırmaq qərarına gəlsələr, sövdələşmə korporativ idarəetmə və texnologiyalar baxımından müsbət təsirə malik ola və maliyyəyə çıxışı asanlaşdıra bilər", - məlumatda bildirilir.

"Cənub Qaz Dəhlizi"ndə 49 % pay dövlətə, 51 % pay isə Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. "Cənub Qaz Dəhlizi" Xəzəryanı regiondan Avropaya qazın nəqli üçün inşa edilib. Azərbaycan 2020-ci il dekabrın 31-də CQD vasitəsilə qaz ixracına başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti