Vüsal Qurbanov: "Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək"
- 14 sentyabr, 2025
- 13:24

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericilik layihəsi artıq hazırlanıb.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, əsas məqsəd dövlət üçün katastrofik risklərin yaratdığı fiskal yükün azaldılmasıdır:
"Bu sistemi tətbiq etməklə, katastrofik riskləri sığorta şirkətlərinə və bütövlükdə sığorta sektoruna transfer edəcəyik. Buraya müntəzəm baş verən sosial risklər də daxildir. O cümlədən yanğın və partlayış kimi risklər bu çərçivədə nəzərdə tutulub. Əsas hədəf həm də katastrofik təhlükələrin nəticələrinin qarşısını almaqdır. Qeyd etmək lazımdır ki, belə risklərin sığortası özlüyündə spesifik xarakter daşıyır".
Hazırda Azərbaycanda icbari sığortaya aid risklər "İcbari sığortanın növləri haqqında" qanunla tənzimlənir. Bu qanun daşınmaz əmlakın icbari sığortası, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, həmçinin sərnişinlərin qəza nəticəsində şəxsi icbari sığortası ilə bağlı münasibətləri tənzimləyir.