Taleh Kazımov: "Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı strateji mərhələyə yüksəlib"
- 11 fevral, 2026
- 12:13
Azərbaycanla ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və strateji mərhələyə yüksəlib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının Azərbaycana təşkil etdiyi biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada bildirib.
"Maliyyə və investisiya" mövzusuna həsr olunmuş tədbirdə çıxış edən T.Kazımov Azərbaycan ilə ABŞ arasında mövcud tərəfdaşlığın qarşılıqlı etimada əsaslanaraq davamlı inkişaf perspektivləri yaratdığını bildirib.
O, Azərbaycanda makroiqtisadi sabitlik, maliyyə-bank sektorunun dayanıqlılığı, maliyyə texnologiyalarının inkişafı, rəqəmsallaşma təşəbbüsləri, dayanıqlı maliyyə alətləri və sərhədlərarası ödəniş infrastrukturu sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. AMB-nin sədri ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl texnologiya və təcrübə mübadiləsinin əhəmiyyətini, eləcə də ötən illərdə təşkil olunan bankçılıq missiyalarının ABŞ bankları ilə əlaqələrin möhkəmləndirilməsində rolunu xüsusi qeyd edib.
T.Kazımov ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksiyə təşəkkür edərək rəhbərlik etdiyi biznes missiyasının iki ölkə arasında biznes və investisiya əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. O, ABŞ Ticarət Palatasının ticarət, innovasiya və qarşılıqlı rifahı təşviq edən körpü rolunu oynayaraq ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində Azərbaycanda bir sıra dövlət qurumları, yüksək səviyyəli rəsmilər və özəl sektor nümayəndələri ilə silsilə görüşlər təşkil olunub. Bu görüşlər iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.