İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır

Region
  • 05 may, 2026
  • 03:12
İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır

İran parlamentində ABŞ ilə danışıqlar barədə narahatlıq ifadə olunub.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasındakı iştirakına dair "Telegram" kanalında məlumat yayıb.

A. Əraqçi müharibə başlayan tarixdən siyasət və xarici əlaqələr sahəsində baş verən hadisələr, eləcə də diplomatik proseslər barədə hərtərəfli hesabat təqdim edib. "Deputatlara digər dövlətlərin də mövqeyi izah olunub", - paylaşımda bildirilib.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri qeyd ediblər ki, innovativ yanaşma ilə İranın maraqlarını və qanuni hüquqlarını təmin etmək üçün bütün resurslarından istifadə olunmalıdır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, daha sonra isə Amerika lideri Donald Tramp onu qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.