"Regional" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 17 oktyabr, 2025
- 15:04

Oktyabrın 24-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.