Qazaxıstan Azərbaycanla ödəniş sahəsində təcrübə mübadiləsinə maraq göstərir

Maliyyə
  • 09 oktyabr, 2025
  • 11:23
Qazaxıstan Azərbaycanla ödəniş sahəsində təcrübə mübadiləsinə maraq göstərir

Qazaxıstan Azərbaycanla "Öz Müştərini Tanı" (E-KYC) sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yuliya Salehova Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

"İstərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçıları da E-KYC sisteminin bir hissəsinə çevrilsinlər. Bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir az təəsüflənirəm. Ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik", - Y. Salehova vurğulayıb.

O, Qazaxıstanın "sandbox" təcrübəsindən də danışıb: "Bizim "sandbox" sistemimiz müxtəlif həlləri test etmək imkanı verməli idi. Hazırda həm açıq bankçılıq ("open banking"), həm də "sandbox" sistemi tam gücü ilə işləmirlər. Bunun obyektiv səbəbləri var. Əsas məsələ isə odur ki, bizim tənzimləyicimiz, xüsusilə Milli Bank inkişaf və təkmilləşdirməyə ciddi sadiqlik göstərir. Amma hər bir transformasiya zaman tələb edir və bunu etmək çox çətindir, xüsusilə bazar tam hazır olmadıqda".

Y. Salehovanın sözlərinə görə, "sandbox" onlara texnoloji həlləri test etməyə imkan verib: "Amma daha önəmli olan biznes modellərini sınamaq imkanı oldu, çünki bu heç vaxt yalnız texnikadan ibarət olmayıb. "Sandbox" bir növ tənzimlənmiş və nəzarət edilən təcrübə idi.

Yaxşı tərəfi odur ki, bütün testlər ciddi nəzarət altında, məhdud miqdarda əməliyyat və müştəri sayı ilə həyata keçirildi. Pis tərəfi isə odur ki, bu məhdudiyyətlər səbəbindən qlobal bazara təsiri qiymətləndirmək mümkün olmadı. Amma ən önəmli məqam budur ki, bazar iştirakçıları öz fikirlərini çatdırmaq imkanı qazandı. Tənzimləyicilər bazarın tələblərini, müştəri reaksiyalarını və qaydaların necə inkişaf etməli olduğunu görə bildi. Hansı boşluqların olduğunu, hansılarının isə aradan qaldırılmalı olduğunu göstərmək imkanı yarandı, çünki hədddən artıq tənzimləmə inkişafı məhdudlaşdırır".

Hazırda Qazaxıstan bazarında bəzi açıq bankçılıq xidmətlərinin işlədiyini qeyd edən Yulia Salehova bəyan edib ki, bu istiqamətdə əsas problem bazarın hazırlığı ilə bağlıdır: "Motivasiya çox önəmlidir. Bunu unutmamalıyıq. Böyük bankların öz infrastrukturu var və bu infrastruktur bəzən ölkədə qlobal açıq bankçılıq həllərindən daha yaxşı işləyə bilir. Onlar isə bu açıq bankçılıq sisteminə qoşulmaqda maraqlı deyillər.

Kiçik oyunçular üçün bu sistem yeni müştərilər qazanmaq, məhsullarını inkişaf etdirmək üçün bir şansdır. Amma böyük oyunçular üçün bu, onların istəmədiyi bir rəqabət yaradır. Bu səbəbdən hazırda bir neçə xidmət mövcud olsa da, ən böyük banklar iştirak etmir və sistem tam miqyasda işləyə bilmir. Eyni zamanda kiçik oyunçular, məsələn, ödəniş təşkilatları, hələ sistemə cəlb olunmayıblar. Böyük oyunçular isə kiçik oyunçuların əvvəlcədən olmayan üstünlüklər əldə etməsini istəmir".

"Beləliklə, deyə bilərik ki, Qazaxıstan bazarı inkişaf edir və müsbət addımlar atılır, amma hələ də çoxlu təkmilləşdirilməli istiqamətlər mövcuddur", - deyə Y. Salehova əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti