Belarus səfiri: "Qarabağda bu gün eksklüziv infrastruktur layihələri həyata keçirilir"
- 15 oktyabr, 2025
- 11:09

Qarabağda bu gün ən güclü və eksklüziv infrastruktur layihələri həyata keçirilir.
"Report"un məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun açılışında bildirib.
"Biz infrastruktur layihələrinin həyata keçirilməsi ilə Qarabağın necə dəyişdiyini görürük. Qarabağ dəyişir, şəhərlər dirçəlir", - səfir qeyd edib.
Diplomat Ağdam rayonunda böyük aqroholdinqin tikintisini xatırladıb: "Azərbaycanda kifayət qədər çox sayda səmərəli layihələrimiz var. Belarusda da birgə layihələr həyata keçirilir".
D.Pineviç vurğulayıb ki, dəfələrlə Qarabağı ziyarət etmək və bərpa işləri ilə şəxsən tanış olmaq imkanı əldə edib: "Səfir təyin olunduğum vaxtdan bəri Qarabağa 5 dəfədən çox səfər etmişəm və regiondakı dəyişiklikləri görürəm".