MDB Baş katibinin müavini: "Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir"

Maliyyə
  • 24 sentyabr, 2025
  • 10:46
MDB Baş katibinin müavini: Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir

Yeni rəqəmsal dünyada statistika aparıcı rola malikdir.

"Report" xəbər verir ki, bunu MDB Baş katibinin müavini Denis Trefilov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün rəqəmsal transformasiya həyatın demək olar ki, bütün sahələrini əhatə edir: "Buna görə də perspektivlərimiz bu yeni şəraitə uyğunlaşmaqda, innovasiyaları tətbiq etməkdə, iqtisadiyyatın yeni sahələri və sosial hadisələr üçün metodologiya inkişaf etdirməkdə, təbii ki, rəqəmsal texnologiyaların bütün imkanlarından və ən yaxşı təcrübələrindən istifadə edərək yeni göstəricilər işləyib hazırlamaqda görünür".

Qonaq qeyd edib ki, MDB ölkələri üçün valyutaların alıcılıq qabiliyyəti pariteti əsasında beynəlxalq müqayisələrin qlobal proqramı, 20-25 milli hesablar sistemi, 20-30 dövrü əhali siyahıyaalması, dayanıqlı inkişaf məqsədlərinin statistikası kimi əsas beynəlxalq statistik layihələrdə fəal iştirak qarşılıqlı inteqrasiyanı dərinləşdirmək və iqtisadi əlaqələri gücləndirmək üçün güclü vasitədir: "Bu layihələrdə nəzərdə tutulan məlumatların toplanması və emalına vahid yanaşmalar ölkələrimizi müqayisəli təhlil etməyə, sosial-iqtisadi inkişafda oxşar və fərqli tendensiyaları müəyyən etməyə, milli və beynəlxalq səviyyədə həyata keçirilən siyasi tədbirlərin və proqramların effektivliyini qiymətləndirməyə imkan verir. Beləliklə, biz etibarlı, təsdiqlənmiş və ən əsası, obyektiv məlumatlar əsasında qərarlar qəbul etmək imkanı əldə edirik".

D.Trefilov MDB-nin platformasında statistika forumunun təkcə Birlik ölkələrinin deyil, həm də digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini birləşdirən xoş ənənəyə çevrildiyini diqqətə çatdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti