Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
- 15 dekabr, 2025
- 23:05
Azərbaycan Güləş Federasiyası "Güləş Qarabağda" kampaniyası çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədbir keçirib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyilə təşkil edilən tədbir ali təhsil ocağının akt zalında baş tutub.
Tanınmış güləşçilər, nüfuzlu yarışların qalib və mükafatçıları – Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev, həmçinin çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani tələbələr önündə çıxış edib.
Onlar qələbəyə gedən yolun hamar olmadığını, dəfələrlə müxtəlif maneələrlə üzləşdiklərini, ancaq heç vaxt ruhdan düşməyərək mübarizə apardıqlarını və nəticədə uğurlara nail olduqlarını bildirib, gəncləri daim mübariz ruhda olmağa, milli şüur altında mənəvi dəyərlərə riayət etməyə səsləyiblər.
Daha sonra maraqlı viktorina keçirilib. Müxtəlif suallarla tələbələrin güləşlə bağlı bilikləri yoxlanılıb. Test vasitəsilə həm də bu idman növü ilə bağlı daha ətraflı məlumat toplamağa şərait yaradılıb. Böyük maraqla qarşılanan və ciddi mübarizə şəraitində keçən viktorinanın qaliblərinə AGF tərəfindən hədiyyələr təqdim edilib.
Daha sonra tələbələr güləşçilərə müxtəlif suallar ünvanlayıb və onlardan avtoqraf alıb. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan güləşini və güləşçisini təbliğ etmək, gənc nəslin motivasiyasını yüksəltmək, onların milli ruhda inkişafına töhfə verməkdir.