ING Azərbaycanda 2025-2026-cı illər üçün inflyasiya proqnozlarını yeniləyib
- 07 noyabr, 2025
- 10:41
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanın 5,8 %, 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,3 faiz bəndi, növbəti il üzrə isə 0,5 faiz bəndi artıb, 2027-ci il üzrə proqnoz isə dəyişməyib.
Bank analitikləri 2025-ci ilin IV rübündə inflyasiyanın 6,1 % təşkil edəcəyini gözləyirlər.
ING orta illik inflyasiyanı 2026-cı ilin I rübündə 5,9 %, II rübdə 6,1 %, III rübdə 6 %, IV rübdə isə 5,7 % səviyyəsində gözləyir, 2027-ci ilin I rübündə 8,6 %, II rübündə 9,3 %, III rübündə 9 %, IV rübündə isə 8,8 % təşkil edəcəyini proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə isə 4,8 %, 2027-ci ildə isə 4,5 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin oktyabr ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 6 %, gələn ildə isə 5,7 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,2 %, 2026-cı il üçün isə 3,5 % proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody"s" Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % olacağını proqnozlaşdırır.
Ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar- sentyabr aylarında isə 5,7 % təşkil edib.