IFC Azərbaycanın aqrar sektorunun maliyyələşdirilməsi üçün iki alətin tətbiqini təklif edir

Maliyyə
  • 01 oktyabr, 2025
  • 15:10
IFC Azərbaycanın aqrar sektorunun maliyyələşdirilməsi üçün iki alətin tətbiqini təklif edir

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) hazırda Azərbaycanın kənd təsərüffatı sektorunda iki təşəbbüs həyata keçirir.

"Report"un məlumatına görə, bunu IFC-nin maliyyə sektoru üzrə mütəxəssisi Kirill Muxomedzanov (Kyrylo Mukhomedzyanov) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

K.Muxomedzanov qeyd edib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının ən vacib sektorlarından biridir və ÜDM-in təxminən 6 %-ni təşkil edir.

"Bu sektorda əhalinin 35 %-i çalışır. Maraqlı dinamika ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracı da artır. Bu göstərici ötən ildən bəri təxminən iki dəfə artıb. Lakin kənd təsərrüfatı iqlim dəyişikliyinin təsirinə məruz qalır və qarşıda duran problemləri anlayırıq: kritik su çatışmazlığı, müasir suvarma sistemlərinin olmaması, həmçinin torpaqların deqradasiyası. Bu problemlərin həlli üçün maliyyə resursları tələb olunur. Hazırda Azərbaycanda tətbiq etdiyimiz iki alət var. Bunlar aqrar qəbzlər və anbar qəbzləridir. Aqrar qəbz əslində məhsul yığımından öncəki maliyyələşdirmə alətidir. Bu da məhsul yığılmazdan əvvəl zəruri vəsaitlər əldə etməyə imkan verir. Bu, daha keyfiyyətli toxum, gübrə, həmçinin iqlim davamlılığını artırmaq üçün müasir texnologiya və avadanlıqlara çıxış imkanı yaradır", - o bildirib.

IFC-nin mütəxəssisi qeyd edib ki, anbar qəbzləri kənd təsərrüfatı tsiklinin maliyyələşdirilməsinin növbəti mərhələsidir: "Belə ki, fermerlər öz məhsullarını sertifikatlaşdırılmış anbarlarda daha uzun müddət saxlaya bilərlər. Bu da məhsul yığımından sonrakı maliyyələşdirmə dövrünü uzadır və məhsullar üçün daha yaxşı qiymətlər əldə etməyə imkan verir".

O vurğulayıb ki, bu alətlər sadə görünsə də, əslində kənd təsərrüfatı maliyyələşdirməsinin bütöv ekosistemini formalaşdırır: "Onlar təkcə maliyyələşdirməyə çıxışı genişləndirmir, həm də maliyyə institutları və dəyər zənciri kreditorları tərəfindən qəbul edilən riski azaldır. Bu alətlər vasitəsilə daha yaxşı texnologiyalara və kənd təsərrüfatı resurslarına çıxış sayəsində rentabelliyi və məhsuldarlığı artırmaq mümkündür. Müqavilə əsaslı əkinçilik şəraitində də bu iki alət tətbiq olunur. Bundan əlavə, konkret sektorun ehtiyaclarına uyğunlaşdırılmış normativ-hüquqi baza yaradılır. Bu alətlər, həmçinin kənd təsərrüfatında iqlimə uyğun praktikanın tətbiqi üçün maliyyələşdirmə təmin etməklə iqlim davamlılığını artırır".

Son xəbərlər

Bütün Xəbər Lenti