Hesablama Palatası: Təminat Fondunun ödədiyi vəsaitlərin cəmi 5 %-i geri qaytarılıb

Maliyyə
  • 04 noyabr, 2025
  • 11:07
Hesablama Palatası: Təminat Fondunun ödədiyi vəsaitlərin cəmi 5 %-i geri qaytarılıb

Bu il Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun ödədiyi vəsaitlərinin 203,7 milyon manatının bərpa edilməsi nəzərdə tutulsa da, bu ilin I yarısında bu məbləğin cəmi 10,7 milyon manatı və yaxud 5,3 %-i geri qaytarılıb.

"Report" xəbər verir ki, bu, Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə xatırladılır ki, bu il iyulun 14-də "Dövlət borcu haqqında" qanuna edilmiş dəyişikliklərlə Təminat Fondunun vəsaitlərindən istifadə istiqaməti genişləndirilib. Belə ki, dəyişiklik nəticəsində dövlət büdcəsindən verilən büdcə ssudalarının müvafiq ssuda alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında həmin ssudaların ödənilməsinin Təminat Fondu hesabına həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə qanuna yeni "Maddə 14-1. Büdcə ssudalarının geri qaytarılması üzrə öhdəliklərin icrası" adlı maddə əlavə edilib.

Eyni zamanda, Qanunun mövcud 14-cü maddəsinə əsasən, əsas borcalanın öhdəliklərini icra etmiş zamin ödədiyi məbləğin və digər xərclərin əvəzinin əsas borcalandan Azərbaycanın qanunvericiliyi və bağlanmış müqavilələr çərçivəsində geri qaytarılmasını tələb etməlidir. Lakin yeni əlavə olunmuş 14-1-ci maddədə bu tələbin tətbiqi ilə bağlı mexanizm nəzərdə tutulmayıb. Nəticə etibarilə, büdcə ssudalarının geri qaytarılmaması və onların Təminat Fondu hesabına ödənilməsi halında, ödənilmiş vəsaitlərin Fondun balansına bərpası ilə bağlı hüquqi və institusional tənzimləyici mexanizmlərin olmaması riskli məqam olaraq qalmaqdadır.

Təminat Fondunun faktiki xərcləri 2023-cü ildə 438,2 milyon manat, 2024-cü ildə isə 463,3 milyon manat təşkil edib. Bu il Fondun vəsaitlərinin davamlı azalma trendi, proqnozlaşdırılan bərpa məbləğlərinin icra səviyyəsinin aşağı olması, həmçinin "Dövlət borcu haqqında" Qanuna edilmiş son dəyişikliklərlə büdcə ssudalarının geri qaytarılmaması halında həmin öhdəliklərin də Təminat Fondu hesabına qarşılanmasının nəzərdə tutulması, 2026-cı ildə Fondun maliyyə dayanıqlığının qorunması məqsədilə dövlət büdcəsi hesabına əlavə vəsaitlərin cəlb edilməsini zəruri edəcəyi qənaətini formalaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti