Gələn ildən Azərbaycanda İslam bankçılığı məhsulları təqdim olunacaq

Maliyyə
  • 07 oktyabr, 2025
  • 15:32
Gələn ildən Azərbaycanda İslam bankçılığı məhsulları təqdim olunacaq
Rüstəm Tahirov

Gələn ildən Azərbaycanın maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

Onun sözlərinə görə, AMB beynəlxalq təcrübəni nəzərə alaraq mərhələli və praqmatik strategiya qəbul edib: "Bu strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində "İslam pəncərəsi" modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".

AMB rəsmisi qeyd edib ki, bu mərhələli strategiyanın icrası üçün qurum konkret yol xəritəsi müəyyənləşdirib:"Bu xəritəni 4 əsas istiqamətə bölmək olar: Birincisi - ilkin mərhələdə tətbiq olunacaq məhsulların müəyyən edilməsidir. Bunun üçün AMB banklar, sənaye assosiasiyaları və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən edib. Bu mərhələ artıq tamamlanıb.

İndi isə həmin məhsulların tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır. Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, "Banklar haqqında qanun" və digər normativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklər bank sektoruna təqdim olunub, hazırda onlardan gələn rəy və təkliflər toplanır. AMB bu rəyləri yekunlaşdıraraq ilin sonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyi planlaşdırır. Yol xəritəsinin üçüncü əsas sütunu - potensialın və biliklərin artırılmasıdır. Bu, çox vacib və həlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa başlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə AMB-nin nəzarət və tənzimləyici əməkdaşları üçün təlim proqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq".

R.Tahirov əlavə edib ki, hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdan sonra, banklar müəyyən İslam bankçılığı məhsullarını "İslam pəncərəsi" vasitəsilə təqdim etməyə başlaya biləcəklər: "AMB bu ilkin mərhələnin gedişatını izləyəcək, nəticələri qiymətləndirəcək, əldə olunan təcrübəyə əsasən növbəti mərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək. Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti