EBRD Azərbaycanda şəhər və kommunal müəssisələri birbaşa kreditləşdirməyə hazırdır

Maliyyə
  • 01 oktyabr, 2025
  • 17:48
EBRD Azərbaycanda şəhər və kommunal müəssisələri birbaşa kreditləşdirməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan hökumətinin kreditləşdirilməsindən şəhərləri və ya kommunal müəssisələri birbaşa maliyyələşdirməyə keçid etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə bankın "Ağıllı şəhərlər" təşəbbüsünün rəhbəri Lin O'Qreydi Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

O vurğulayıb ki, EBRD-nin şəhər proqramının əsasında üç əsas istiqaməti əhatə edən "Yaşıl şəhərlər" təşəbbüsü dayanır.

"Birinci istiqamət layihələrin hazırlanması və planlaşdırılmasına dəstəkdir. Biz şəhərin investisiya ehtiyaclarını müəyyən edən uzunmüddətli strateji planlar hazırlayırıq. EBRD bu planların ayrı-ayrı elementlərinin maliyyələşdirilməsini öz üzərinə götürür", - L. O'Qreydi qeyd edib.

Onun sözlərinə görə, ikinci istiqamət maliyyələşdirmə ilə bağlıdır.

"Bizim yanaşmamız çevikliyə əsaslanır. Biz ölkələrdə və şəhərlərdə şəraitin fərqli olduğunu nəzərə alırıq. Bəzi yerlərdə biz dövləti, bəzi yerlərdə isə bilavasitə şəhəri və ya özəl şirkətləri kreditləşdiririk. Eyni zamanda fond bazarından istifadə edirik. Bundan əlavə, biz qarışıq maliyyələşdirmə tətbiq edirik, riskləri azaldır və investisiyaları daha cəlbedici edirik. Bu, qrantlar, güzəştli kreditlər və ya zəmanətlər ola bilər", - o izah edib.

L.O'Qreydinin sözlərinə görə, üçüncü istiqamət potensialın inkişafı ilə bağlıdır.

"Nəticə etibarilə biz istəyirik ki, şəhərlər və kommunal müəssisələr öz ayaqları üzərində dura bilsin. Məsələn, Gəncədə müəssisəyə balansı möhkəmləndirməyə və səmərəliliyi artırmağa kömək edən korporativ inkişaf planı həyata keçirmişik. Münasib şəraitdə biz hökumətin kreditləşdirilməsindən şəhərləri və ya kommunal müəssisələrin birbaşa maliyyələşdirilməsinə keçid etməyə hazırıq", - təşəbbüsün rəhbəri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti