Deputat: "Şəki və Qaxın bir sıra yaşayış məntəqələri qazlaşdırılmayıb"
- 19 noyabr, 2025
- 17:28
Şəki rayonunun 20, Qax rayonunun isə 33 yaşayış məntəqəsi hələ də qazlaşdırılmayıb.
"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsi də bu il olduğu kimi ölkənin müdafiə qabliyyətinin artırılmasını, təhlükəsizlik təminatının yüksəldilməsini, Böyük Qayıdış prosesinin sürətləndirilməsi kontekstində postmüharibə dövrünün prioritetlərini lazımi şəkildə ifadə edir: "Bununla belə 2026-cı ilin büdcəsi 2025-ci ilin büdcəsindən bir sıra cəhətlərinə görə fərqlənir. Onların içərisində vacib hesab elədiyim bir məqamı qeyd eləmək istərdim. Dövlət Neft Fondundan transfertlərin azaldılması hesabına fövqəladə dərəcədə strateji, ciddi iqtisadi məsələdir və böyük perspektivləri var.
Son 10 ilin statistikasını götürəndə biz baxıb görürük ki, bir neçə dəfə buna cəhd olunub, növbəti illərdə bir müddətdən sonra yenə də Fonddan əlavə vəsaitin götürülməsi variantına keçirilib. Ona görə də bu dəfə həmin prosesə dönməz xarakter verməkdən ötrü 2025-ci ildə 14,5 milyard manatdan 2026-cı ildə 13,8 milyard manata, 2029-cu ildə isə 10,2 milyard manata düşmə istiqamətində transfertin azaldılması üçün hesab edirəm ki, bir-biri ilə əlaqələndirilmiş iqtisadi, institusional, struktur və hüquqi islahatların həyata keçirilməsi və büdcə zərfində nəzərdə tutulan tədbirlərin dolğun şəkildə həyata keçirilməsi üçün monitar, fiskal və stimullaşdırıcı siyasətin effektiv kombinasiyasına nail olmaq lazımdır. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılacaq".
"İkinci vacib hesab elədiyim məsələ isə ondan ibarətdir ki, noyabrın 12-də ölkə Prezidenti yeni təyin olunmuş icra başçılarını qəbul edən zaman yerlərə münasibətdə iqtisadi, sosial və ekoloji amillərin bir-biri ilə vəhdətdə götürülməsi məsələsi kimi çox aktual bir məsələni qaldırdı, qeyd etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin həllini sürətləndirmək lazımdır. Burada işsizliyin aradan qaldırılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı mən deyərdim ki, vacib hesab olunan bir məsələni, deməli, ekologiya məsələlərinə diqqətin artırılması məsələsini qoydu. Mən bunu çox müsbət qiymətləndirirəm", - deyə deputat əlavə edib.
Bundan başqa, o deyib ki, dövlət başçısının sərəncamı ilə Qaxda İlisu Milli Parkı yaradılır: "Mən hesab edirəm ki, çox möhtəşəm hadisə, unikal bir milli park olacaq. Ona görə də hörmətli Baş nazirin burada olmasından istifadə eləyərək məsələ qaldırıram ki, İlisu parkının olduğu kənd də daxil olmaqla bütün kəndlərin qazlaşdırılması nöqteyi-nəzərindən addımların atılması, yeni iş yerlərinin açılması, çox dəyərli tarixi-mədəni abidələrin bərpası və sair bu kimi mövcud problemlərin həlli istiqamətində sistemli işlər həyata keçirilsin. Bunu çox vacib hesab edirəm və inanıram ki, bu istiqamətdə addımlar atılacaq".