BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
- 17 aprel, 2026
- 03:33
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əməkdaşlığı bərpa edib.
"Report" xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidmətinin bəyanatında deyilir.
"BVF-də səslərin əksəriyyətini təmsil edən üzv dövlətlərin mövqeyinə əsaslanaraq və formalaşmış təcrübəni rəhbər tutaraq icraçı direktor Kristalina Georgiyeva bu gün (16 aprel - red.) BVF-nin səlahiyyətli prezident Delsi Rodrigesin rəhbərlik etdiyi Venesuela hökuməti ilə qarşılıqlı fəaliyyətə başladığını bildirib", - sənəddə qeyd olunub.
BVF əlavə edib ki, Venesuela 1946-cı ilin dekabrından fondun üzvüdür.
"Hökumətin tanınması ilə bağlı yaranan çətinliklərlə əlaqədar olaraq bu ölkə ilə əməkdaşlıq 2019-cu ilin mart ayında dondurulmuşdu", - fond dəqiqləşdirib.