Azərbaycanın vergi orqanlarına 9 ayda 331 mindən çox müraciət daxil olub

Maliyyə
  • 17 oktyabr, 2025
  • 15:00
Azərbaycanın vergi orqanlarına 9 ayda 331 mindən çox müraciət daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı vergi orqanlarına ümumilikdə 331 260 müraciət daxil olub.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 94,6 %-i ərizə, 5,3 %-i şikayət, 0,1 %-i təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 %-i hazırda icradadır.

Baxılmış müraciətlərin 53,9 %-i həll olunub, 44,1 %-i üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5 680-i həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergi ödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.

9 ayda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 591 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti