Azərbaycanın qiymətli kağızlar bazarı 35 %-ə yaxın böyüyüb
- 28 oktyabr, 2025
- 12:21
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 51 milyard 339,1 milyon manatlıq əməliyyat aparılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,5 % çoxdur.
9 aylıq göstəricinin 5 milyard 694 milyon manatlıq hissəsi ilkin bazarda (5,2 % az), 45 milyard 645,1 milyon manatlıq hissəsi isə təkrar bazarda (41,9 % çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 23 581 əqd bağlanılıb. Bu, illik müqayisədə 61,4 % azdır. Əqdlərin 2 948-i ilkin bazarın (17,35 dəfə az), 20 633-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 688,8 milyon manatlıq hissəsi və yaxud 16,9 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 347,5 milyon manatlıq hissəsi və yaxud 4,6 %-i korporativ qiymətli kağızların, 40 milyard 302,9 milyon manatlıq hissəsi və yaxud 78,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 64,9 % çox, 16,6 % az və 34 % çoxdur.
9 ayda bu bazarda bağlanmış əqdlərin isə 973-ü və yaxud 4,1 %-i dövlət qiymətli kağızlarının, 17 534-ü və yaxud 74,4 %-i korporativ qiymətli kağızların, 5 074-ü və yaxud 21,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 54 %, 66,5 % və 23,1 % azdır.