Azərbaycanda yol vergisi üzrə proqnoz 68 %-ə yaxın artırılır
- 16 sentyabr, 2025
- 02:46

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 239,4 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 67,65 % çoxdur.
Yol vergisi üzrə daxilolmaların 191,4 milyon manatını və yaxud 79,95 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 48 milyon manatını və yaxud 20,05 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 80,9 % və 29,7 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.