Azərbaycanda ilk dəfə "Açıq bankçılıq" funksionallığının tətbiqinə başlanılıb

Maliyyə
  • 06 oktyabr, 2025
  • 17:09
Azərbaycanda ilk dəfə Açıq bankçılıq funksionallığının tətbiqinə başlanılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə maliyyə bazarında "Açıq bankçılıq" funksionallığının tətbiqinə başlayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, AMB "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması, bununla da ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanın fəaliyyət planında "Rəqəmsal maliyyə" təşəbbüsü çərçivəsində "Açıq bankçılıq" yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə "Açıq bankçılıq" yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.

Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya inteqrasiyası işləri davam etdirilib. Hazırda 6 bank inteqrasiyanın yekun mərhələsindədir, 13 bank - "Azərbaycan Beynəlxalq Bankı" (ABB), "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Azər Türk Bank", "Bank of Baku", "Bank Respublika", "Kapital Bank", "TuranBank", "Yapı Kredi Bank Azərbaycan", "Yelo Bank", "Bank VTB Azərbaycan", "Premium Bank" və "Xalq Bank" isə inteqrasiyanı tam yekunlaşdırıb.

Bundan əlavə, ABB və "Turan Bank" "Açıq bankçılıq" funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.

Bu ilin sonuna qədər "Açıq bankçılıq" platformasının əhatə dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya qoşulacağı nəzərdə tutulur.

Xatırladaq ki, "Açıq bankçılıq" yanaşması banklararası və maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir, maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabəti artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa, müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq olunurlar. Beləliklə, "Açıq bankçılıq" yanaşmasının ölkəmizdə tətbiqi maliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıq məhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühüm töhfə verəcək.

"Açıq bankçılıq" yanaşması haqqında daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar:

https://fintech.cbar.az/open-banking

Son xəbərlər

Bütün Xəbər Lenti