Uitkoff və Kuşner Qahirədə keçirilən texniki danışıqlarda ABŞ-ni təmsil edirlər – YENİLƏNİB-2

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 23:03
Uitkoff və Kuşner Qahirədə keçirilən texniki danışıqlarda ABŞ-ni təmsil edirlər – YENİLƏNİB-2

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və iş adamı, keçmiş baş müşavir Cared Kuşner Misirdə keçirilən Yaxın Şərq üzrə texniki danışıqlarda Vaşinqtonu təmsil edirlər.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.

"Bəli, hazırda Misirdə xüsusi elçi Uitkoff və Cared Kuşner, həmçinin müvafiq tərəflərin nümayəndələri arasında texniki danışıqlar keçirilir", – Livitt prezident Donald Trampın danışıqlardan gözləntiləri ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, ABŞ HƏMAS və İsrail arasında münaqişənin həlli üçün aparılan danışıqların başa çatması ilə bağlı konkret vaxt məhdudiyyəti müəyyənləşdirmir, lakin prezident Tramp sülhün mümkün qədər tez əldə olunmasında maraqlıdır.

"Bu münaqişədə iştirak edən bütün tərəflər artıq müharibənin bitməli və prezident Trampın sülh planının qəbul edilməli olduğu barədə razılığa gəliblər. Administrasiya bu istiqamətdə tezliklə irəliləyiş əldə etmək üçün ciddi şəkildə çalışır. Prezident atəşkəsin bərqərar olmasını və girovların azad edilməsini istəyir. Hazırda texniki qruplar girovların azad olunması üçün ideal şəraitin yaradılması imkanlarını müzakirə edirlər", – Livitt vurğulayıb.

Ağ Ev rəsmisi əlavə edib ki, Tramp administrasiyasının regionda davamlı sülhün bərpası üçün əsas prioritetləri təhlükəsizliyin təmin edilməsi və Qəzza zolağında səmərəli idarəetmə sisteminin qurulmasıdır.

Misirdə ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar başlayıb.

Bu barədə "Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir.

HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza üzrə sülh planına cavabını təqdim edib. Qeyd olunası məqam odur ki, fələstinli qruplaşma Qəzza administrasiyasını bir qrup texnokratlara təhvil verməyə və fələstinli məhbusların qarşılığında bütün israilli məhbusları azad etməyə razılaşıb.

ABŞ Prezidenti bu cavabı alqışlayıb və İsraili bombardmanı dərhal dayandırmağa çağırıb. Bununla belə, agentliyin məlumatına görə, HƏMAS-ın cavabından sonra 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həlak olub.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması və israilli girovların azad edilməsi ilə bağlı danışıqlar başlayır.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, bunun yekun danışıqlar olduğu ehtimal edilir.

Danışıqlar ABŞ və Misirin vasitəçiliyi ilə, tərəflər arasında birbaşa təmas olmadan aparılır. "Israel Hayom" qəzetinin məlumatına görə, razılaşma əldə edildikdən sonra 72 saat ərzində 20 sağ qalan girov təhvil verilə bilər, həlak olanların meyitlərinin təhvil verilməsi prosesi isə daha çox vaxt aparacaq.

ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın tapşırığı ilə Misirə gedən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.

Son xəbərlər

Bütün Xəbər Lenti