Azərbaycan və İtaliya bank sektorunda risk əsaslı nəzarət strategiyası hazırlanmasını müzakirə edib
- 06 noyabr, 2025
- 13:28
Azərbaycan Mərkəzi Bankın (AMB) nümayəndə heyəti İtaliya Mərkəzi Bankında işgüzar səfərdə olub.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, səfərin məqsədi risk əsaslı nəzarət strategiyasının hazırlanması və tətbiqi, daxili kapital və daxili likvidlik adekvatlığının qiymətləndirilməsi, eləcə də model riskinin idarə edilməsi və verifikasiyası mövzuları üzrə müzakirələrin keçirilməsindən ibarət olub. Bununla yanaşı, bazar davranışlarının tənzimlənməsi və nəzarəti üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin AMB-nin nümayəndə heyəti "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası", həmin çərçivədə icra olunan risk əsaslı nəzarət və "Suptech" (nəzarət texnologiyaları) layihələrinin gedişatı barədə məlumat verib.