"The Times": "Çelsi" rüsvay oldu, "Qarabağ" ingilis komandasından ilk xalını aldı

Futbol
  • 06 noyabr, 2025
  • 15:36
The Times: Çelsi rüsvay oldu, Qarabağ ingilis komandasından ilk xalını aldı

Dünən Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Avropa qitəsinin futbol ictimaiyyətinin diqqətini cəlb edən oyun keçirildi. Ağdamın "Qarabağ" klubu Bakıda "dünyanın ən yaxşı klubu"nu - klublararası dünya çempionatının qalibi olan "Çelsi"ni (London) qəbul etdi.

Bu görüşü 90 dəqiqə ərzində azarkeşləri gərginlik içində saxlayan futbol ziyafəti adlandırmaq olar. "Qarabağ" bir daha Avropaya qitə nəhənglərini heyrətləndirməyə hazır olduğunu nümayiş etdirdi. Oyunun yekun nəticəsi (2:2) "Qarabağ" azarkeşlərini və Ağdam klubuna rəğbət bəsləyənlərin hamısını, o cümlədən "Çelsi"ni sevməyənləri də sevindirdi, Britaniyanın aparıcı nəşrlərini və "aristokratlar"ın tərəfdarlarını isə şoka saldı.

"Report" "Dumanlı Albion"un aparıcı KİV-lərinin oyunun nəticələrini necə qiymətləndirdiyinə dair xülasə hazırlayıb.

Britaniyanın ən nüfuzlu nəşrlərindən biri olan "The Times"da "Chelsea humiliated as Qarabag snatch first point from English side" ("Çelsi" rüsvay oldu, "Qarabağ" ingilis komandasından ilk xalını aldı") başlığı ilə dərc olunan məqalədə "aristokratlar"ın oyunundan və yekun nəticədən məyusluq hiss edilir, belə ki, "Qarabağ" Avropa klub turnirləri çərçivəsində ilk dəfə Britaniya klubu ilə heç-heçə edib.

"Mirror" nəşri qeyd edir ki, Bakıdakı oyun London nəhəngi üçün çox çətin keçdi:

"Mavilərin" hesabda dərhal önə keçməsinə baxmayaraq, "Qarabağ"ın oyunu, bəzən isə hücumda üstünlük nümayiş etdirməsi onları heyrətləndirib. Estevaо Villian ("Çelsi"nin heyətində ilk qolun müəllifi - red.) 16-cı dəqiqədə mövsümdə dördüncü qolunu vuraraq klubu irəli çıxardı. Lakin "Qarabağ" birinci hissədə hesabı bərabərləşdirdi (qolun müəllifi Leandro Andrade olub). Sonra 39-cu dəqiqədə Marko Yankoviç penaltidən qol vuraraq ev sahiblərini irəli çıxardı".

Məqalədə qeyd edilir ki, fasilədə londonluların baş məşqçisi üçqat dəyişiklik etmək məcburiyyətində qalıb və bu addımın nəticəsi özünü çox gözlətməyib - Alexandro Qarnaço hesabı bərabərləşdirib.

"Çempionlar Liqasında altı xal toplamış (üç oyundan sonra - red.) "Çelsi" Bakıda qələbəyə can atsa da, bir xalla kifayətlənməyə məcbur olub, çünki "Qarabağ" o axşam "maviləri" təəccübləndirib".

Digər nüfuzlu nəşr - "The Guardian" yazıb ki, argentinalı Alexandro Qarnaço "Çelsi"ni Çempionlar Liqasında "Qarabağ"la oyunda gözlənilməz məğlubiyyətdən xilas edib:

"Şübhəsiz ki, "Qarabağ" bu həyəcanverici heç-heçədən çox razıdır. "Çelsi" isə əksinə, Azərbaycana səfərinin ciddi məyusluqla nəticələnmədiyinə sevinə bilər".

Eyni zamanda, məqalənin müəllifi londonluların baş məşqçisi Entso Mareskinin "Çelsi"nin oyununu əvəzləmələr yolu ilə canlandırmaq cəhdinin o qədər də səmərəli olmadığını qeyd edir.

"Daily Mail" öz növbəsində, məqalənin başlığında qeyd edir ki, "Qarabağ" və "Çelsi" arasındakı heç-heçə italiyalı mütəxəssis (Entso Mareski - red.) və İngiltərə komandası üçün dərs olmalıdır. Məqalənin müəllifi görüşün nəticəsindən məyusluğunu gizlətmir. Bununla belə, o, "Çelsi"nin uğursuzluğuna görə bütün günahı oyunu idarə edən hakimin üstünə atmağa çalışıb:

"Bu matçı idarə edən avstriyalı hakim Sebastyan Gishamer belə yüksək səviyyədə iş təcrübəsinə malik deyildi. Hətta onun öz futbol federasiyası belə onun Çempionlar Liqasının oyununa təyin olunmasına təəccüblənmiş görünürdü".

Müəllif dərhal düzəliş etməyə çalışır və hesab edir ki, "Çelsi" Bakıda müsbət nəticənin olmamasını yalnız "hakimin səhvləri" və ya zədə və yorğunluq səbəbindən oyunçu itkiləri (keçən şənbə günü "Tottenhem"ə qarşı Premyer Liqanın son oyunundan sonra "Çelsi"nin baş məşqçisi heyətdə 7 dəyişiklik edib - red.) ilə əsaslandıra bilməz. "Mareskinin komandasının nə qədər vaxtı qalmış olsa da, o, bunu Bakıda qələbə qazanmaq üçün istifadə etməli idi", - nəşr yazır.

Son xəbərlər

Bütün Xəbər Lenti