Azərbaycan Seulda "Dövlət müəssisələrinin qlobal konfransı"nda iştirak edib

Maliyyə
  • 30 aprel, 2026
  • 13:05
Azərbaycan Seulda Dövlət müəssisələrinin qlobal konfransında iştirak edib

Maliyyə Nazirliyinin nümayəndə heyəti Dünya Bankının dəvəti ilə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Dövlət müəssisələrinin qlobal konfransı" adlı beynəlxalq tədbirdə iştirak edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, dövlət maliyyə idarəetməsi sahəsində müxtəlif ölkələrin hökumət nümayəndələri, dövlət müəssisələrinin rəhbərləri, beynəlxalq maliyyə institutları və Koreyanın müvafiq qurumlarının yüksək səviyyəli təmsilçilərinin qatıldığı konfrans dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə keçirilib.

Tədbirdə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev "Azərbaycanda mərkəzləşdirilmiş monitorinq sisteminin tətbiqi" mövzusunda təqdimatla çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər və tətbiq olunan yanaşmalar barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Səfər zamanı nümayəndə heyəti Dünya Bankının İdarəetmə üzrə qlobal direktoru Arturo Gutierrezlə, habelə dövlət müəssisələrinin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrdən biri hesab olunan Koreya təcrübəsinin öyrənilməsi məqsədilə Koreyanın Maliyyə və İqtisadiyyat nazirliklərinin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb, dövlət müəssisələrinin monitorinqi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Eyni zamanda, müxtəlif ölkələrin analoji qurumlarının nümayəndələri ilə keçirilən görüşlərdə dövlət müəssisələrinin idarə olunması və monitorinqi sahəsində fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində, həmçinin Maliyyə Nazirliyinin nümayəndə heyətinin Koreyanın seçilmiş dövlət müəssisələrinə tanışlıq səfərləri təşkil edilib.