İsrail HDQ "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb

Digər ölkələr
  • 30 aprel, 2026
  • 05:48
İsrail HDQ Qlobal Sumud Donanmasını ələ keçirməyə başlayıb

İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) bəyan edilmiş "blokadanı yarmaq" məqsədilə Qəzza zolağı sahillərinə doğru istiqamət alan "Qlobal Sumud Donanması"nı ələ keçirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.

"İzləmə məlumatlarına əsasən, tərkibinə humanitar yardım daşıyan 58 gəminin daxil olduğu "Sumud" flotiliyası Yunanıstanın Krit adasının yaxınlığında yerləşir", - deyə nəşr bildirib.

"Əvvəlki cəhdlərdə HDQ flotiliyanın gəmilərini Qəzza sahillərinə daha yaxın məsafədə ələ keçirirdi", - materialda vurğulanıb. Daha əvvəl "The Times of Israel" İsrail qüvvələrinin flotiliyanı Qəzza sahilinə yaxınlaşmazdan əvvəl ələ keçirmək niyyətində olduğu barədə məlumat vermişdi.

İsrail hakimiyyəti bu cür flotiliyaları media aksiyaları adlandıraraq qeyd edir ki, təşkilatçılar humanitar yardımı sektora rəsmi beynəlxalq və ya İsrail çatdırılma kanalları vasitəsilə verməkdən imtina ediblər.