"Azərbaycan Dəmir Yolları"nın strateji aktivlərinin inkişafı üzrə beşillik strategiya hazırlanıb
- 01 dekabr, 2025
- 12:21
"Colliers Georgia", "Colliers UK" və "Colliers Azerbaijan" şirkətlərindən ibarət beynəlxalq qrup "Azərbaycan Dəmir Yolları" QSC (ADY) üçün ölkə üzrə dəmir yolu infrastrukturuna aid daşınmaz əmlak aktivlərinin inkişafına dair beşillik strategiyanın hazırlanması üzrə əsas məsləhətçi layihəsini tamamlayıb.
"Report"un Gürcüstan bürosuna şirkətdən verilən məlumata görə, dörd aylıq araşdırma müddətində mütəxəssislər ADY-nin 3 000-dən çox bina və 2 000 torpaq sahəsini əhatə edən geniş daşınmaz əmlak portfelini təhlil ediblər.
"Komanda həmçinin onlarla beynəlxalq təcrübəni öyrənərək aktivlərin dəyərinin artırılması və portfelin uzunmüddətli dayanıqlığının təmin edilməsi üçün strateji çərçivə hazırlayıb.
Hazırlanan strategiya tranzit yönümlü şəhər inkişafı (TOD), dövlət-özəl tərəfdaşlıq imkanları, eləcə də qısa və uzunmüddətli irimiqyaslı transformasiya layihələri vasitəsilə gəlirlərin diversifikasiyasını əhatə edir", - məlumatda deyilir.
"Colliers" həmçinin Bakı, Gəncə və sərhədyanı rayonlarda yüksək potensiala malik əraziləri müəyyən edib, hər bir obyekt üzrə inkişaf konsepsiyası və maliyyələşmə imkanlarını işləyib hazırlayıb.
Plan ADY-yə özünə məxsus daşınmaz əmlakların potensialını maksimum dərəcədə artırmaqla ölkənin iqtisadi və şəhərsalma inkişafına töhfə vermək imkanı yaradır.
Bu layihə, artıq 1 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərən "Colliers Azerbaijan" üçün əhəmiyyətli mərhələ sayılır. Üç ölkənin ofisləri arasında uğurlu əməkdaşlıq isə regional inteqrasiyanın növbəti nümunəsi kimi qiymətləndirilir.